2021-01-19

20 Yanvar faciəsi

1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 31 il keçir. Unudulması mümkün olmayan, insanlığa qarşı törədilmiş bu qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi, soydaşlarımızın ağır işgəncələrə, zorakılıqlara məruz qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki Sovet hökumətinin göstərişi ilə xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.

Rəsmi faktlara əsasən bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 168 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, paytaxtda və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Qadağan edilmiş silah və sursatdan istifadə etməklə ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Qeyd olunmalıdır ki, həmin hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir.

Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir. 

 

Arxiv üzrə axtarış