Notariat hərəkətləri

Ümumi məlumat

 Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.

Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) şəxsin sağ olması faktını təsdiq edir;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlanmaq üçün qəbul edir;
15) dəniz protestləri tərtib edir;
16) sübutları təmin edir.

Bundan başqa konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Konsul öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin konsul ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərini apara bilməz.

Notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

Notariat hərəkətlərinin qeydiyyatı

Konsulun apardığı bütün notariat hərəkətləri müvafiq notariat reyestrində qeyd edilir: 

1. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün  təsdiq edilməsi «1-S» reyestrinə; 
2. vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət  hüququ haqqında şəhadətnamə «2-V» reyestrinə; 
3. daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa bütün  müqavilələr «3- M» reyestrinə; 
4. depozit hərəkətləri «5-D» reyestrinə; 
5. sənədlərin leqallaşdırması «6-L» reyestrinə; 
6. Aşağıdakı notariat hərəkətləri isə «7-E» reyestrinə qeyd edilir: 
• miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi;
• sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi;
•  sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq   edilməsi;
•  şəxsin sağ olması faktının təsdiq edilməsi;
•  şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi;
•  şəxslə fotoşəkildəki şəxsin eyniliyinin təsdiq edilməsi;
•  sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsi;
•  icra qeydlərin aparılması;
•  sənədlərin saxlanmaq üçün qəbul edilməsi;
•  dəniz protestlərinin tərtib edilməsi; 
•  sübutların təmin edilməsi. 

Konsul notariat hərəkətləri aparılması haqqında tapşırıq vermiş və ya barəsində notariat hərəkətləri aparılmış hüquqi və fiziki şəxslərin yazılı ərizəsinə əsasən, habelə məhkəmənin, istintaq və təhqiqat orqanının qərarı əsasında notariat reyestrindən çıxarış verir. Notariat reyestrindən çıxarışı konsul gerbli möhür vurmaqla təsdiq edir.

Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi

Konsul aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina edə bilər:

• notariat hərəkətlərinin aparılması qanuna ziddirsə;
• notariat hərəkət başqa konsul, notarius və ya vəzifəli şəxs  tərəfindən aparılmalıdırsa;
• notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan  şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət  etmişsə;
• hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya  əsasnaməsində göstərilən məqsədlərə ziddirsə;
• qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa;
• sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya   
 sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən   məlumatlar varsa;
• əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə.

Konsul notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Aparılmış notariat hərəkətini və ya notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan şəxsin bu barədə konsulun qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır.

Konsul notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunvericiliyi pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurursa, konsul bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.

Konsulun notariat hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin aparılması müddətlərinin pozulması, müəyyən edilmiş qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən baxılır.

Konsulun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.

Dövlət rüsumu

 Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu dövlət büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir. 
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.4.-cü maddəsinə əsasən, əlavə olaraq, vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 11.1. və 17.1.-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu tutulmur: 

-  doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
-  pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
-  Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsi üçün; 
- Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsi üçün.

Arxiv üzrə axtarış