2019-03-05

26 fevral 2019-cü il tarixində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov Xocalı faciəsi barədə geniş məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınının həyata keçirildiyini qeyd etmişdir. Səfir Xocalı soyqırımı zamanı 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin öldürüldüyünü, 1000 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və indiyə qədər Xocalının 150 sakininin itkin hesab olunuğunu bildirmişdir. F.Qurbanov vurğulamışdır ki, Xocalının mülki əhalisinin sadəcə azərbaycanlı olduqları üçün, məqsədli şəkildə qırğını həyata keçirilmiş və Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. F.Qurbanov məlumat vermişdir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirmişdir.

Səfir F.Qurbanovun açılış nitqindən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Daha sonra tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı Soyqırımı” sənədli filmi nümayiş olunmuşdur.

Tədbirdə Xorvatiyanın Parlamentinin deputatı V.Kaytazi, ictimai xadimlər, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Arxiv üzrə axtarış