2017-10-31

Səfir Kamil Xasiyev Xorvatiyanın ali ordeni ilə təltif edilib

30.10.2017-ci il tarixində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qarabar Kitaroviç Azərbaycan Respublikasının Xorvatiyadakı Səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of Duke Branimir with Ribbon) ilə təltif etmişdir.

Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdimedilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ən xoş salamlarını çatdırmış və AR Prezidenti cənab İ.Əliyevi yaxın zaman ərzində Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirmişdir.

Səfir K.Xasiyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Xorvatiya Respublikası Prezidenti xanım K.Q.Kitaroviçin qarşılıqlı fəaliyyətinin, eləcə də Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirliklərinin və hər iki ölkənin Səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında Strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulamışdır. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə etmişdir.Məlumat üçün bildirək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ilin 1 aprel tarixində təsis olunmuşdur. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.

 

Arxiv üzrə axtarış