2016-10-25

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

ktyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Xorvatiya əlaqələrindən danışıb. Qeyd edib ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Hazırda ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu var.

Milli Məclisin sədri Xorvatiya Prezidentinin ölkəmizə ilk səfərinin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Oqtay Əsədov indiyədək ölkələrimiz arasında 20 sənədin imzalandığını, 13 sənədin isə imzalanma ərəfəsində olduğunu deyib. Azərbaycanın Xorvatiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən parlamentin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulayaraq dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.

Xorvatiya Prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini deyən xanım Kolinda Qrabar-Kitaroviç ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu söyləyib. Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu söyləyən Xorvatiya Prezidenti iqtisadi əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı, həmçinin mədəniyyət, təhsil, elm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Arxiv üzrə axtarış