news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2016

Xarici medianın işğal olunmuş ərazilərdə fəaliyyəti ilə əlaqədar XİN-in Mətbuat xidmətinin məlumatı

Rəsmi Yerevan 2 aprel tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməlləri ilə cəbhədə yaranan gərginlik, təmas xətti boyunca sıx yaşayan Azərbaycan əhalisinin artilleriya və digər ağır silahlardan atəşə tutulması və nəticədə mülki insanlar arasında ölüm və yaralanma hallarına görə daşıdığı siyasi-hüquqi məsuliyyətdən diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə cəhd edir.

Xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, aşağıdakı qaydalara əməl edilməli olduğunu bildiririk:

- Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in internet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər.

- Obyektivliyi və tarazlığı təmin etmək, birtərəfli yanaşmaya yol verməmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq üçün Ermənistan silahlı qüvvələrinin əməlləri nəticəsində qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinə və obyektlərə dəymiş zərər də işıqlandırılmalıdır.

- Xarici mediaya Ermənistan tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağı tövsiyə edirik.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti