news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 may 2018

Zaqrebdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilmiş tədbir

Cari ilin 22 may tarixində Azərbaycanın Xorvatiyadakı Səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

250 nəfərdən artıq qonağın qatıldığı mərasimdə əsas qonaq qismində Xorvatiya Respublikası Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi xanım Zdravka Buşiç iştirak etmişdir. Bununla yanaşı, qonaqlar arasında Xorvatiyanın sabiq Prezidentləri c-b. Stepan Mesiç və c-b. İvo Yosipoviç, Xorvatiya Prezidentinin xarici məsələlər üzrə müşaviri c-b. Dario Mihelin, xarici və Avropa işləri nazirinin müavini c-b. Vitse Skraçiç, Varajdin şəhəri Merinin müavini x-m. Sandra Malenitsa, eləcə də digər yüksək səviyyəli hökumət və dövlət nümayəndələri, Xorvatiya parlamentinin üzvləri, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Azərbaycan–Xorvatiya Dostluq Qrupunun üzvləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak etmişlər.

Dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov açılış nitqi ilə çıxış etmişdir. Səfir tarixə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraiti və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahat və quruculuq işlərindən, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, bayrağın, himnin və gerbin yaradılması haqqında söz açmışdır. Səfir F.Qurbanov Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi geniş qeyd edilməsinə dair Sərəncam imzalamışdır. F.Qurbanov Azərbaycan ilə Xorvatiya arasında siyasi münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu və tərəflər arasında 20 yaxın vacib ikitərəfli sənədlərin imzalandığını vurğulayaraq, Xorvatiya Hökumətinin Bakıda yerləşməklə, Xorvatiya Respublikasının Səfirliyinin yaxın zamanda təsis edilməsinə dair qərarından məmnunluğunu ifadə etmişdir.

 Daha sonra Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi xanım Zdravka Buşiç çıxış edərək, Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə təbrik edərək, iki ölkə arasında münasibətlərin strateji səviyyədə olduğunu vurğulamışdır. O, 2017-ci ilin sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası hökuməti arasında İqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın ilk iclasının keçirilməsini yüksək qiymətləndirərək, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə böyük potensialın olduğunu vurğulamışdır. Z.Buşiç qeyd etmişdir ki, Xorvatiyanın bir çox şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə maraqlıdırlar və bu məqsədlə iki dost ölkənin birgə fəaliyyəti olmalıdır.

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyətinə, təbiətinə və iqtisadi uğurlarına dair sənədli film nümayiş olunmuş, qonaqlara səfirlik tərəfindən xorvat dilinə tərcümə edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar paylanmış, ölkəmizdəki iqtisadi göstəricilər və investisiya mühitindən, milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər, “IRS-Heritage”, Bakı jurnalları hədiyyə edilmişdir.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti