Mətbuat şərhi 07 yanvar 2022

Zaqrebdə 28 May – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Cari ilin 27 may tarixində Azərbaycanın Xorvatiyadakı Səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə 28 May – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Xorvatiya Respublikası Xarici və Avropa İşləri nazirinin müavinləri c-b. İvitsa Skraçiç və x-m. İvana Jivkoviç iştirak etmişlər. Bununla yanaşı, qonaqlar arasında Xorvatiyanın sabiq Prezidenti c-b. Stepan Mesiç, Xorvatiya parlamentinin üzvləri c-b. Velyko Kaytazi və c-b. Goran Beus Richembergh, eləcə də digər yüksək səviyyəli hökumət və dövlət nümayəndələri, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Azərbaycan–Xorvatiya Dostluq Qrupunun üzvləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak etmişlər.

Dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış etmişdir. Səfir tarixə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, əsasən xarici xidmət orqanlarını yaradılması, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı haqqında söz açmışdır. Səfir Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsindən sonra xarici siyasət istiqamətində qazanılmış uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. F.Qurbanov Azərbaycan ilə Xorvatiya arasında siyasi münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu və tərəflər arasında yüksək səviyyədə mütəmadi səfərlərin baş tutmasından danışmışdır. Səfir xüsusilə cari il 29 aprel tarixində Xorvatiya Baş Nazirinin müavini və Xarici və Avropa İşləri naziri x-m Mariya Peyçinoviç Buriçin Azərbaycana uğurlu rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının Bakıdakı Səfirliyinin rəsmi açılışı və böyük sayda Azərbaycan-Xorvatiya iş adamlarının qatıldığı biznes forumunun keçirilməsindən məmnunluğunu ifadə etmişdir.

Eyni zamanda rəsmi qəbul keçirilən zalda tədbir iştirakçıları üçün Azərbaycanın xarici xidmət orqanlarını yaradılması, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, rəsmi yazışma və sənədləri özündə əks etdirən fotosərgi təşkil olunmuş, qonaqlara səfirlik tərəfindən turizm imkanlarından bəhs edən bukletlər, “IRS-Heritage” jurnalları hədiyyə edilmişdir.

Sonda Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ziyafət təşkil edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti