Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının Səfirliyinin press-relizi
15 iyun Milli Qurtuluş Günü Azərbaycan Respublikasının tarixində ən mühüm günlərdən biridir.
Bu gün Azərbaycan xalqı üçün təqvimdə həm bir bayramdır, həm də böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malikdir.
Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etdikdən sonra, elə ilk illərdə ictimai həyatın bütün sahələrində hökm sürən daxili böhran, xaos və çaşqınlıq ilə üzləşdi. Həmçinin ayrı-ayrı şəxslər və qruplar arasında hakimiyyət uğrunda mübarizə gedirdi və erməni təcavüzü günü-gündən güclənirdi.
Xalq Azərbaycanın o vaxtkı rəhbərliyindən təcavüzün qarşısını almaq üçün əməli tədbirlər görülməsini tələb edirdi.
Orduda iş daha çətin idi və ayrı-ayrı şəxslər və qruplar gənc respublikada hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar.
Nəticədə 1993-cü ilin yayında ölkədə siyasi vəziyyət kritik həddə çatmış və Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir çətin dövrdə Azərbaycana şəksiz lider, dövlət xadimi, ölkənin taleyini təmin edəcək, daim millətinin yanında olmağı bacaran görkəmli şəxsiyyət lazım idi. Xalq qan tökülməsinin qarşısının alınması üçün Azərbaycanın görkəmli lideri Heydər Əliyevin Bakıya dəvət olunmasını tələb edirdi.
Heydər Əliyev üçün milli maraqlar həmişə vacib olub. O, həmişə ölkənin inkişafına böyük diqqət yetirmiş, xalqına xidmət etmiş, möhkəm iradə və cəsarətlə siyasət yeritmişdir.
Heydər Əliyev dövlət idarəçiliyinə qayıtdıqdan sonra çox qısa müddətdə artan vətəndaş müharibəsi təhlükəsinin qarşısını alaraq, ölkəni böhrandan çıxardı və Azərbaycan özünün inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü xüsusi hisslərlə qeyd edir.
Azərbaycan Respublikası öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin etməklə 30 il davam edən işğala son qoymuşdur.
Milli Qurtuluş Günümüz mübarək!