news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 oktyabr 2019

Bakı Marionet Teatrının “Leyli və Məcnun” tamaşası Zaqrebdə nümayiş olunub.

Cari ilin 28-29 sentyabr tarixlərində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə çıxış etmişdir.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov tədbirin açılışını edərək, ilk öncə Bakı Marionet Teatrının kollektivini Fransanın Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Teatrı Festivalında bir neçə gün öncə baş tutmuş uğurlu çıxışları ilə əlaqədar təbrik etmiş və Zaqrebə gəlişləri münasibətilə təşəkkürünü bildirmişdir. Səfir çıxışına davam edərək, Azərbaycan və Xorvatiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına 2018-ci ildəki rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanmış 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqramı xatırladaraq, proqramın icrası ilə bağlı hər iki ölkədə silsilə mədəni tədbirlərin keçirildiyini tamaşaçıların diqqətinə çatdırmışdır.

Tədbir Zaqreb Kukla Teatrının böyük zalında baş tutmuşdur. Teatrın səhnəsində Azərbaycan aktyorlarının idarəsi ilə marionet kuklaları Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan “Leyli və Məcnun” operasının qəhrəmanlarını təkraredilməz şəkildə canlandırmışlar.

Bakı Marionet Teatrının truppası tərəfindən Məhəmməd Füzulinin eyniadlı poeması və  Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin operası əsasında ərsəyə gətirilmiş tamaşa 2 gün ərzində ifa olunmuş və Xorvatiyada akkreditə olunmuş diplomatik korpus, Xorvatiya mədəniyyət və yerli ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti