news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2017

No: 04/17, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair mətbuat buraxılışı

 

2016-cı ildə beynəlxalq vəziyyət gərginliyin və qeyri-müəyyənliyin artması ilə müşahidə olunub. Beynəlxalq güclər arasında cərəyan edən sürəkli qarşıdurma beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, qlobal maliyyə-iqtisadi və siyasi böhranların qarşısının alınması, terrorizm və ekstremizmlə səmərəli mübarizənin aparılması, habelə sivilizasiyalararası və dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına yönələn səyləri xeyli zəiflədib.

İl ərzində özünü büruzə verən sistemli problemlər sırasında beynəlxalq hüquqa seçici yanaşma və ikili standartlar davam edib. Yaxın Şərqdə səngiməyən qanlı qarşıdurmalar və artan terror təhlükəsi bu bölgədən Avropa ölkələrinə kütləvi qaçqın axınına səbəb olub və bu da həmin ölkələrdə ksenofobiya, dözümsüzlük, İslamafobiya və radikallaşmanın kəskin sürətdə artımına gətirib çıxarıb.

Baş verən iğtişaşlar və gərginliyin fonunda Azərbaycanın həyata keçirdiyi xarici siyasət fəaliyyəti uğurlu daxili siyasətimizi tamamlayaraq, konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı, eləcə də sülh və əməkdaşlığın təşviqi kimi məqsəd və məramları ilə fərqlənib. Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü hər sahədə əldə etdiyi yüksək nailiyyətlərlə qeyd edən ölkəmiz regional lider mövqelərini daha da möhkəmləndirib, daxil olduğu geosiyasi məkanda maraqların tarazlığının təmin edilməsi, mehriban qonşuluq münasibətlərinin təşviqi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini artırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində qeyd etdiyi kimi, “düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla xoş münasibətlər və beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi səciyyələndirir”.

Əldə olunmuş bu sabitlik və inkişafın etibarlı dayaqlarına əsaslanan Azərbaycanın xarici siyasət fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq müstəvisində mövqelərimizin gücləndirilməsi, milli maraqlarımıza xidmət edən irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, multikulturalizm və sivilizasiyalararası dialoqun təşviq edilməsi kimi prioritet istiqamətlərə yönəlib.

Diplomatik fəaliyyətimizin əsas hədəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin artırılmasından ibarət olub. 2016-cı il də bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təşkilatların qərarları ilə səciyyəvi olub.

17-18 sentyabr 2016-cı il tarixlərində Venesuelada keçirilmiş Qoşulmama Hərəkatının üzv dövlətlərinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də icra edilməməsinə təəssüf bildirilib və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə olunub.

10-15 aprel 2016-cı il tarixlərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünün yekun Bəyannaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması ilə müşayiət olunan işğalını pisləyən prinsipial mövqe bir daha təsdiq edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına tələb ifadə olunub. Bəyannamədə İƏT üzv ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyib və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətləri qətiyyətlə pisləyiblər. Yekun Bəyannamədə, həmçinin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Təmas Qrupunun yaradılması qərara alınıb.

Eyni zamanda 18-19 oktyabr 2016-cı il tarixlərində Daşkənddə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul olunub.

2016-cı il ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə 16 may və 20 iyun tarixlərində Azərbaycan və Ermənistan prezidentlərinin müvafiq olaraq Vyana və Sankt-Peterburqda görüşləri keçirilib. Keçirilmiş görüşlərdə münaqişənin tezliklə sülh yolu ilə həlli üzrə substantiv danışıqlar aparılıb.

8-9 iyul 2016-cı il tarixlərində keçirilmiş Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Zirvə görüşünün yekun Bəyannaməsində NATO üzv dövlətləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə dəstək verdiklərini bir daha bəyan ediblər.

29 fevral-1 mart 2016-cı il tarixlərində ölkəmizə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.

22 sentyabr 2016-cı il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının görüşündə qəbul edilmiş birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində digər həllini tapmamış münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi xüsusi vurğulanıb.

2-5 aprel 2016-cı il tarixlərində Ermənistanın Silahlı Qüvvələri işğal etdiyi ərazilərmizdəki təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutması və hücuma keçməsi nəticəsində 6 mülki şəxs həlak olub və 33 nəfər yaralanıb. Bununla yanaşı, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub. Beynəlxalq ictimaiyyət tərəfindən cəbhədə vəziyyətin gərginləşməsi qətiyyətlə pislənilib və işğal nəticəsində yaranmış status quo vəziyyətinin qəbuledilməzliyi bir daha vurğulanıb.

29 dekabr tarixində Ermənistan silahlı qüvvələri vəziyyəti gərginləşdirmək, danışıqları prosesini pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədib. Ermənistanın bu təxribatı nəticəsində itkin düşmüş Azərbaycan silahlı qüvvələrinin hərbçisinin cəsədini Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, hələ də qaytarmaqdan imtina edir. Xarici İşlər Nazirliyi Ermənistanın bu təxribatı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, cəsədin geri alınması üçün zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üzrə fəal işlər davam etdirilib. Hesabat ili ərzində Xocalı soyqırımı ilə bağlı ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası qətnamə qəbul edib, həmçinin ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatlarının qubernatorları və Viskonsin ştatının Miluoki dairəsinin başçısı müvafiq bəyanatlarla çıxış edib.

2016-cı il ərzində ölkənin ictimai həyatında baş vermiş əsas hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” AR Referendum Aktının layihəsi ilə bağlı cari il sentyabrın 26-da ümumxalq səsverməsinin (referendumun) keçirilməsi olub. Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə Seçki məcəlləsinə uyğun olaraq, müvafiq diplomatik nümayəndəliklər və konsulluqlarda seçki məntəqələri yaradılıb. Referendum Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası və Türkdilli Dövlətlərin Parlament Assambleyası da daxil olmaqla 117 beynəlxalq müşahidəçi tərəfindən izlənilmişdir. Referendumun yekunlarına dair AŞPA missiyasının mətbuat üçün açıqlamasında seçki prosesinin şəffaf, səmərəli və dinc şəkildə həyata keçirildiyi, texniki baxımdan yaxşı təşkil edildiyi, səslərin hesablanması zamanı ciddi pozuntuların qeydə alınmadığı vurğulanıb və referendumun nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyi qeyd edilib.

Demokratiya və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı hesabat ili ərzində tolerantlıq, eləcə də mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verilib.

25-27 aprel 2016-cı il tarixlərində Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumda müzakirə olunan mövzularda inklüziv cəmiyyətlərin dayanıqlı inkişafı və təşviqini ehtiva edən 2030 İnkişaf Gündəliyində duran məsələlər geniş əhatə olunub.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə yanaşı 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Avropa Qran Pri yarışı, 17 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, V Beynəlxalq Humanitar Forumu, Dünya Xəbər Agentliklərinin V Konqresi, “ADEX 2016” Beynəlxalq müdafiə sərgisi və digər irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun, geniş imkan və bacarıqlarının bariz nümunəsidir.

Eyni zamanda, 2016-cı il ərzində Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının sədrlik troykasına daxil olması, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı Baş Konfransının sədri vəzifəsinə, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası, Ümumdünya Poçt İttifaqının İnzibati Şurası, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərinin beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması, habelə dayanıqlı inkişaf və rifahın təmin olunması istiqamətində təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ötən il ərzində müxtəlif regional tərəfdaşlıq çərçivələri, ö cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarında xarici işlər nazirləri səviyyəsində keçirilmiş məhsuldar görüşlərdə fəal iştirak edib və qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 8 avqust 2016-cı ildə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı, habelə “Şimal-Cənub” irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə yönələn regional əməkdaşlığın təşviqi üçün mühüm zəmin təşkil edib.

Azərbaycan Respublikasının dayanaqlı inkişafını təmin etmək məqsədi ilə ötən illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi diplomatiyamızın əsas vəzifəsi beynəlxalq, regional və ikitərəfli formatda milli maraqlarımıza cavab verən məqsədyönlü xarici iqtisadi siyasətin həyata keçirilməsi olub. 

2016-cı il ərzində iqtisadi əməkdaşlıq sahəsində 16 xarici ölkə ilə hökumətlərarası komissiyaların iclasları keçirilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib.

Bununla yanaşı, ölkə iqtisadiyyatının potensialının xaricdə təşviq olunması, işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin iqtisadi imkanları, biznes və sərmayə mühitinin xarici sərmayədarlara tanıdılması, Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsul və xidmətlərin xarici bazarlara çıxarılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi məqsədilə 11 ölkə ilə biznes forumları keçirilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, ABŞ, İran, Gürcüstan, Almaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Polşa, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi və işgüzar səfərləri həyata keçirilib, həmçinin Azərbaycan Respublikası Baş nazirinin Gürcüstana, Milli Məclis sədrinin Rusiya, Türkiyə və Monteneqroya, eləcə də xarici işlər nazirinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Belçika, Fransa, İsveçrə, Lixtenşteyn, Slovakiya, Çin, Qazaxıstan və Özbəkistana səfərləri olub.

Eyni zamanda ötən il Azərbaycan Respublikasına Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Qətər, Ukrayna, Albaniya, Belarus, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya, Malta, Venesuela və Vatikanın dövlət başçıları, Gürcüstan, Rusiya, Türkiyə və Macarıstanın hökumət rəhbərləri, Türkiyə, Qazaxıstan, Çexiya, Latviya, Bosniya və Herseqovina, Qırğızıstan, Belarus, Uruqvay və Braziliyanın parlament rəhbərləri, Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, İsveç, İtaliya, Malta, Bolqarıstan, İspaniya və Yunanıstanın xarici işlər nazirləri səfər ediblər. Bundan əlavə 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, YUNESKO-nun İcraiyyə Şurasının rəhbəri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ölkəmizə təşrif buyurublar.

Azərbaycan Respublikası Prezidentinin xarici dövlətlərə səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə razılaşdırılıb və onların imzalanması təmin edilib. Qeyd olunan səfərlər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaları əhatə edib.

2016-cı ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında Səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə Fəxri Konsulluğu açılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən və təsis edilməsinin 10 illiyini qeyd etmiş ADA Universiteti üçün də ötən il məhsuldar olub. Belə ki, ADA Universiteti Miçiqan Dövlət Universiteti, Sapienza Universiteti, Kaunas Texnologiya Universiteti, Dehli Universiteti, Nazarbayev Universiteti, həmçinin Portuqaliya Diplomatik Akademiyası ilə tərəfdaşlıq müqavilələri imzalayıb, eləcə də 24 tanınmış beynəlxalq ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirib. İl ərzində ADA-nın Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 44 ölkədən 50 əcnəbi diplomat üçün Xəzər hövzəsi ölkələrinin siyasi, iqtisadi, mədəni və enerji təhlükəsizliyinə dair müxtəlif mühazirə və seminarlar təşkil edilib. ADA Universitetinin Biznes İnstitunun bakalavr pilləsinin ilk məzun buraxılışı baş tutub və 55 tələbə müvafiq peşə ixtisasları üzrə bakalavr dərəcəsinə yiyələnib. Eyni zamanda, ADA Universitetində təhsil almaq üçün 43 ölkədən olan əcnəbi tələbə Beynəlxalq Təqaüd Proqramından yararlanıb.

Yerli və xarici KİV-lə fəal əməkdaşlıq davam etdirilib, xarici siyasət məsələləri ilə əlaqədar KİV-in sorğularının operativ qaydada cavablandırılması təmin olunub. 400 nəfərdən artıq xarici KİV nümayəndəsinin akkreditasiyası həyata keçirilib və onların ölkəmizdə öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün zəruri şərait yaradılıb. “Rəqəmsal diplomatiya” fəaliyyəti çərçivəsində sosial şəbəkə platformalarından fəal surətdə istifadə edərək, ölkəmizə aid məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması təmin edilib.

2016-cı ildə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətinin səmərəliliyinin və çevikliyinin artırılması işinə böyük önəm verilib. Ölkəmizdə beynəlxalq turizmin inkişafının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə gəlib-getmə prosedurunun sadələşdirilməsi, o cümlədən elektron vizaların verilməsinin asanlaşdırılması, “ASAN viza” sisteminin yaradılması, həmçinin viza rüsum dərəcələrinin aşağı salınması üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, eyni zamanda diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə genişmiqyaslı işlər görülüb.

2016-cı ildə olduğu kimi bu il ərzində də Xarici İşlər Nazirliyi ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin müstəqilliyi, suverenliyi və milli maraqlarının qorunması və beynəlxalq aləmdə layiqli təmsil edilməsi məqsədilə apardığı müstəqil, çevik və praqmatik xarici siyasət fəaliyyətini yüksələn xətlə davam etdirəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti