“Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı”
Mərasimdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına ünvanlanmış məktubunu oxunub (http://www.president.az/articles/19687).
Açılış mərasimində çıxış edənlər “Avropa Gənclər Paytaxtı”nın Avropa Gənclər Forumunun 2009-cu ildən etibarən həyata keçirdiyi çox mühüm beynəlxalq layihə olduğunu, Azərbaycanın əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olaraq coğrafi mövqeyinə görə həm Avropaya, həm də Asiyaya aid olmasını, Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyət Paytaxtı”, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin isə 2016-cı il “Avropa Gənclər Paytaxtı” elan edilməsinin bu mədəni müxtəlifliyin və zənginliyin göstərici olduğunu vurğulamışlar. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran natiqlər, Gəncənin Azərbaycanın qədim və zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzlərindən biri olduğunu bildirmişlər.
Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova və Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxışlarında Avropanın Gənclər Paytaxtı seçilməsinin Gəncəyə beynəlxalq əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verdiyinə diqqət çəkmiş və bunun gənclər üçün də əlavə imkanlar yaratdığını qeyd etmişlər.
“Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi və Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir.