news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2016

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FIDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.

Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə apmışdır. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil ediblər.

Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Dövlətimizin başçısı İlham Əliyevin Olimpiada iştirakçılarına məktubunda əminliklə bildirilir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq. Məktubda deyilir ki, Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılan mühüm addımdır. Bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək.

Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti