news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 dekabr 2016

Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin BMT Baş Assambleyasında qəbul edilməsinə dair

19 dekabr 2016-cı il tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Qətnaməyə 60 ölkə həmmüəllif kimi qoşulub. 

Azərbaycan tərəfindən ənənəvi olaraq irəli sürülən qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri beynəlxalq humanitar hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə, eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 73-cü sessiyasına (2018-ci il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur.

2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövrü əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti