2020-05-14
Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş bayram tədbiri

2020-ci ilin may ayının 9-da Azərbaycanın, Rusiyanın və Qazaxıstanın Xorvatiyadakı Səfirliklərinin iştirakı ilə Xorvatiyanın Batina şəhərində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirdə müharibə veteranları, Xorvatiyanın sabiq Prezidenti Styepan Mesiç, Azərbaycanın, Rusiyanın, Qazaxıstanın Xorvatiyadakı səfirləri, Xorvatiya Antifaşist Təşkilatının nümayəndələri  və digər qonaqlar iştirak etmişlər.

Fəxri qonaqlar ilk öncə Böyük Vətən müharibəsində həlak olmuş zabit və əsgərlərin xatirəsinə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklillər qoymuş və tədbir iştirakçıların çıxışları ilə davam etmişdir.

Səfir F.Qurbanov Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycanın ön və arxa cəbhəsindəki fəaliyyəti haqqında iştirakçılar qarşısında çıxış etmişdir.

Səfir bildirmişdir ki, 1941-45-ci illərdə cəbhəyə göndərilmiş 600 minə yaxın azərbaycanlının 300 mindən çoxu həlak olmuş və itkin düşmüş və onlardan göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd olunmuşdur ki, müharibə illərində Azərbaycanın bütün sənaye sahələri məhz cəbhə üçün çalışmağa başlamış və cəbhəyə göndərilən neftin 70-75 faizini, benzinin 85-90 faizini Bakı təmin etmişdir.

Çıxışının sonunda səfir F.Qurbanov vurğulamışdır ki, İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

əvvəlki xəbər