2019-03-19

Azərbaycan Dövlət Bayrağına həsr olunmuş təqdimat.

1 mart 2019-cü il tarixində Xorvatiya Dostluq Cəmiyyətlərinin Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyin dəstəyi ilə Dr. Jeljko Haymer tərəfindən Azərbaycan bayrağına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Xorvatiya Dostluq Cəmiyyətlərinin Assosiasiyasının Baş katibi Andrija Karafilipoviç açmışdır. Tədbir iştirakçılarını salamlayan A.Karafilipoviç tədbirin əhəmiyyəti barədə danışaraq, ölkəmiz haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra söz Xorvatiyanın sabiq Prezidenti və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiçə verilmişdir.

S.Mesiç Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlər barədə danışaraq, iki ölkə arasında siyasi münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu və tərəflər arasında bir çox vacib ikitərəfli sənədlərin imzalandığını bildirmişdir. O, özünün Prezident qismində Azərbayacana səfəri barədə məlumat vermiş və hazırki iqtisadi münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına ehtiyac duyulduğunu bildirmişdir.

Daha sonra səfir Fəxrəddin Qurbanov tədbir iştirakçılarını salamlamlayaraq, belə bir tədbirin Azərbaycan Respublikasının Dövlət bayrağına həsr olunmasını yüksək qiymətləndirmiş və dr. J.Haymerə təqdimata görə təşəkkürünü bildirmişdir. Səfir son müddət ərzində ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrdən danışmış və səfirlik tərəfindən təşkil olunmuş mədəni tədbirlər haqqında iştirakçılara məlumat vermişdir.

Təqdimata başlayan dr. J.Haymer ilk öncə Azərbaycan ərazisində tarixən yerləşmiş dövlətlərin və əsasən Bakı şəhərinin bayraqlarının təsvirlərini nümayiş etdirmişdir. O, dövlətimizin müasir bayrağının yaranma tarixi, ona verilən önəm və Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması  9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat vermişdir. Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan bayrağı Azərbaycan xalqının keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün simvollarını özündə əks etdirir.

J.Haymer dövlət bayrağı ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən ictimai, idman və gənclər təşkilatların bayraqları barədə, o cümlədən Mingəçevir, Gəncə, Sumqait və digər şəhərlərin bayraqları barədə söz açmışdır.

Arxiv üzrə axtarış