2020-02-26
Zaqreb şəhərinin “Tərəqqi” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirilmişdir

26 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi  və  Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Tərəqqi” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirilmişdir.

Tədbirdə açılış nitqi söyləyən səfir Fəxrəddin Qurbanov Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınının həyata keçirildiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, Xocalının mülki əhalisinin sadəcə azərbaycanlı olduqları üçün, məqsədli şəkildə qırğını həyata keçirilmiş və Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. O məlumat vermişdir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirmişdir.

F.Qurbanovun açılış nitqindən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Daha sonra Xorvatiya Gənc Müsəlmanlar Assosiasiyasının prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçısı İmran Srebrenikoviç çıxış etmişdir. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat vermiş, Xocalıda törədilmiş soyqırımın insan hüquqları və beynəlxalq humanitar hüququn açıq aşkar pozulması olduğunu, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalı olduğunu vurğulamışdır.

 Tədbir zamanı xorvat dilinə tərcümə edilmiş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunmuşdur.

Tədbirdə Xorvatiyanın Xorvatiya parlamentinin üzvü V.Kaytazi, Xarici və Avropa İşləri Nazirliyinin əməkdaşları, Xorvatiyadakı Qaraçı Birliyi “Kali Sara” təşkilatının rəhbərlər üzvləri, Xorvatiya müsəlman icmasının nümayəndələri, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər