2019-12-18
Xorvatiya və Azərbaycan milli musiqisi arasındakı oxşarlıqlar və fərqlər: tar və tambura" adlı interaktiv təqdimat və konsert keçirilmişdir.

11 dekabr tarixində Zaqreb şəhərində Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti təşkilatçılığı ilə və musiqişünas x-m. Kseniya Burić tərəfindən "Xorvatiya və Azərbaycan milli musiqisi arasındakı oxşarlıqlar və fərqlər: tar və tambura" adlı interaktiv təqdimat keçirilmişdir.

Tədbir zamanı Azərbaycanın qədim musiqi aləti olan tar barədə iştirakçılara məlumat verilmiş  və Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə nəzər salınmışdır.

Qeyd olunmuşdur ki, muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. K.Buriç qədim epik dastanlar, qəhrəmanlığı, dostluğu, məhəbbəti vəsf edən mahnılardan ibarət və xalq mühitində yaranmış şifahi yaradıcılıq musiqi forması olan Aşıq sənəti barədə tamaşaçılara məlumat vermişdir.

Azərbaycan Respublikasının Xorvatiya Respublikadakı səfiri F.Qurbanov təqdimatın nümayişinə təşrif buyurmuş qonaqlara təşəkkür etmiş və hadisənin vacib mədəni əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir bildirmişdir ki, Azərbaycan musiqisi barədə qiyabi biliklər yanaşı tamaşaçıların canlı ifanı da dinləmələri məqsədilə tədbirə TURKSOY təşkilatı çərçivəsində Şərqi Avropa səfərində çıxış edən Azərbaycan incəsənət ustaları dəvət olunmuşlar.

Daha sonra tamaşaçılara konsert təqdim olunmuşdur. Musiqiçilər Azərbaycan muğamı “Bayatı-Şiraz“, Azərbaycan xalq mahnıları “Küçələrə su səpmişəm“, “Sarı gəlin“ və digər musiqi parçlaranı ifa etmişlər. Xorvatiyanın Varajdin şəhərindən olan gənc musiqiçilər Xorvatiya milli musiqi nümunələrini təqdim etmişlər.

növbəti xəbər əvvəlki xəbər