2019-12-06
Zaqrebdə “Nar bağı” filminin nümayişi olmuşdur

27 noyabr 2019-cu il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini x-m. Nataliya Oştariyaş Xorvatiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmişdir. O, ekran əsərinin psixoloji dram janrında çəkilən və maraqlı bir ailə dramı üzərində qurulduğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının Xorvatiya Respublikadakı səfiri F.Qurbanov filmin nümayişinə təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirmiş və hadisənin vacib mədəni əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, Azərbaycan kino ustaları tərəfindən çəkilən filmlərin xorvat tamaşaçılarına təqdim olunması xalqlarımız arasında mədəni əlaqələrin möhkənlənməsinə öz töhfəsini verəcəkdir.

Filmin nümayişindən əvvəl tədbir iştirakçılarına ziyafət verilmiş, eyni zamanda İrs və Baku jurnalları təqdim edilmişdir. Tədbirdə Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər