2019-06-20
Osiyek-Baranya vilayətində Beynəlxalq İpək Yolu Festivalı çərçivəsində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak etmişdir

14-16 iyun 2019-cu il tarixində Azərbaycanın Xorvatiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xorvatiyanın Osiyek-Baranya vilayətində Beynəlxalq İpək Yolu Festivalı çərçivəsində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 11 nəfərlik rəqs qrupu iştirak etmişdir.

Tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsindən ibarət olmuşdur.  Festival çərçivəsində "İpək Yolu" ölkələrinin bədii filmlərinin nümayişi, eləcə də milli musiqi, rəqs, mətbəx və digər mədəni tədbirlər keçirilmişdir.

Bu il keçirilən İpək Yolu Festivalında Azərbaycan incəsənət nümayəndələri yanaşı Türkiyə, Rusiya, Çin, Qazaxıstan, İran, Monqolustan və Hindistandan sənətçilər qatılmışlar.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu təşkil edilmiş konsert proqramlarında müxtəlif milli rəqslər təqdim etmişlər və xorvat tamaşaçıları tərəfindən maraq və rəğbətlə qarşılandılar.

növbəti xəbər əvvəlki xəbər