2019-05-03
Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici və Avropa İşləri üzrə naziri Mariya Peyçinoviç Buriçin Azərbaycan Respublikasına rəsmi səfəri 29 aprel 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprelin 29-da Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Xorvatiya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, indiyədək Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə 22 sənəd imzalanıb. Azərbaycanda Xorvatiya şirkətləri uğurla fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 16 faiz artaraq 250 milyon dollar təşkil edib.

Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən R.Məmmədov beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.

Nazir müavini keçirilən biznes forumun işgüzar dairələr arasında müzakirələrin aparılması, əməkdaşlığın perspektiv sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib. O, Xorvatiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriç Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda iş adamlarının fəal iştirakının qarşılıqlı əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, eyni zamanda, tədbirin əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib. M.Buriç regionun önəmli ölkəsi olan Azərbaycanda Xorvatiya səfirliyinin açılmasının siyasi-iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan ilə Xorvatiyanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

 

 

Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətləri əhatə edən çox yaxşı münasibətlərin olduğunu bildirib, bu əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. “Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hesab edirəm ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayıb. Əminəm ki, sizin də Azərbaycana səfəriniz, apardığınız səmərəli danışıqlar əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafı baxımından hökumətlərarası komissiyanın fəaliyyətinin önəmini vurğulayan Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Novruz Məmmədov bildirib ki, Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacaq.

Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmizə səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi də bu sahədə əlaqələrin inkişafına xidmət edəcək.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirən xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçlə görüşüb.

Nazirlər ölkələrimiz arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər və əlaqələrin cari vəziyyətindən məmnunluqlarını bildiriblər.

Elmar Məmmədyarov 2013-cü il martın 11-də Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı Zaqrebdə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirməli olduğunu deyib. Səfər çərçivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirilib.

Nazir, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini həmin layihələrdən yararlanmağa dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan nazir Mariya Buriç ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumun önəmini vurğulayan xanım nazir növbəti belə tədbirin yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə danışan nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində aprelin 29-da Bakıda Xorvatiya səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Branko Zebiç səfirliyin açılmasının hər iki ölkə üçün mühüm əhəmiyyətə malik hadisə olduğunu deyib. Qeyd edib ki, bu, ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Tədbirdə çıxış edən Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriç Bakıya ilk rəsmi səfərindən məmnunluğunu bildirib. O, səfirliyin açılmasının vacib hadisə olduğunu vurğulayıb və bunun ölkələrimiz, xalqlarımız arasında əlaqələri gücləndirəcəyini bildirib. Xanım nazir səfəri zamanı Bakıda keçirdiyi görüşlərin, eləcə də təşkil olunan biznes forumun əhəmiyyətindən danışıb. Əlavə edib ki, iqtisadi əməkdaşlığın inkişafı üçün bu biznes forum vacib əhəmiyyət daşıyır. Xorvatiya Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir.

Vergilər naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək bildirib ki, Xorvatiyanın Bakıda səfirlik açmaqla bağlı qərarı ölkələrimiz arasında dostluq və etimad mühitinə uyğundur. Nazir ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

növbəti xəbər əvvəlki xəbər