2018-12-12
Şəki və Varazdin qardaşlaşmış şəhərlər oldular.

26-29.11.2018-ci il tarixlərində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərinə işgüzar səfər etmişdir.

Səfərin əsas məqsədi Şəki ilə Varajdin şəhərləri arasında “Dostluq və əməkdaşlıq haqqında” xartiyanın imzalanması, iki şəhərin bir-biri ilə iqtisadi, mədəni, elmi, texniki və turizm sahəsində əlaqələrin yaradılması, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan münasibətlərin daha da inkişaf etməsinə töhfə vermək olmuşdur.

 27 noyabr 2018-ci il tarixində Varajdin şəhər Meriyasında Şəki şəhəri ilə Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanmışdır. Xartiya Azərbaycan tərəfindən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubov və Xorvatiya tərəfindən Varajdin şəhərinin Meri cənab İvan Çehok imzalamışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Varajdin şəhərində yerləşən Zagreb Universitetinin Təşkilat və İnformatika fakültəsi, Tekstil Texnologiyaları fakültəsi, “Varteks” şirkəti və Varajdin Texnologiya Parkında tanışlıq görüşləri keçirmişdir.

Görüşlər zamanı Şəki ilə Varajdin arasında, iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, idman və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur. Bu xüsusda Şəki və Varajdin şəhərlərində toxuculuq sənayesinin mövcud olduğunu nəzərə alaraq, Şəkidə yerləşən "Azeripək" MMC ilə Varajdinin yüksək keyfiyyətli istehsalı ilə tanınan “Varteks” geyim şirkəti arasında əməkdaşlıq imkanlarına diqqət yetirilmişdir. 2019-cu ildə Varajdin şəhərinin nümayəndə heyəti Şəki rayonuna səfərə dəvət olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər