2018-09-14
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə klassik musiqi konserti keçirilib

12 sentyabr 2018-ci il tarixində Zaqreb şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması münasibətilə Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə klassik musiqi konserti keçirilmişdir.

Tədbir Zaqreb şəhərinin ən qədim konsert zalı olan Xorvatiya Musiqi İnstitutunun Böyük zalında baş tutmuşdur. Konsertin dirijoru Azərbaycan Respublikasının xalq artisti, Yalçın Adıgözəlov olmuş və Xorvatiya Radio-televiziyasının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının xalq artisti, pianoçu Fərhad Bədəlbəyli çıxış etmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri c-b. Fəxrəddin Qurbanov konsertə təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirmiş və qeyd olunan hadisənin Xorvatiya-Azərbaycan mədəni münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına bir neçə gün öncə uğurla həyata keçirilmiş rəsmi səfərini qeyd edərək, səfər zamanı 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqramın imzalandığını qonaqların diqqətinə çatdırmış və Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoqun mövcud olduğunu və ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.

Konsertdə musiqiçilər tərəfindən görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” "İldırımlı yollarla" baletlərindən ifa olunmuş parçalar, Fikrət Əmirov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və Vaqif Mustafazadənin əsərləri  tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

əvvəlki xəbər