Xorvatiyaya səfər etmək istəyən vətəndaşlarımız üçün arayış

Ümumi məlumat:

 

Ölkənin rəsmi adı: Xorvatiya Respublikası
Paytaxt: Zaqreb şəhəri
Ərazisi: 56.594 km²
Əhalisi: 4 milyon 380 min nəfər
Dövlət dili: Xorvat dili

Din: Katolik xristian

İnternet domen: hr
Milli valyuta: Kuna

 

Viza rejimi: 12 mart 2012-ci il tarixində“Azərbaycan Respublikası Hökuməti ilə Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş” imzalandıqdan sonra yalnız ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikası vətəndaşları Xorvatiyaya səfər etmək üçün viza əldə edirlər.

Xorvatiya Respublikası ilə VFS Global (http://www.vfsglobal.com/croatia/azerbaijan/) beynəlxalq şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, 2015-ci ilin 31 iyul tarixində şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi Xorvatiya Respublikasına səfər etmək niyyətində olan Azərbaycan Respublikası vətəndaşlarından və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından vizalarla bağlı müraciətlərin qəbuluna başlamışdır. Eyni zamanda qeyd etmək istərdik ki, Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşları Xorvatiya vizası əldə etmək üçün müraciətlərini birbaşa Xorvatiya Respublikasının Ankaradakı Səfirliyinə və İstanbuldakı Baş Konsulluğunada ünvanlaya bilərlər (http://tr.mvep.hr/tr/konzularne/vize/).

2013-cü ilin 1 aprel tarixindən Xorvatiya Respublikası Avropa İttifaqının Ümumi Viza Siyasətinə qoşulmuşdur. Buna müvafiq olaraq, ikikeçidli və çoxkeçidli (double and multiple) şengen vizasına malik əcnəbilər Xorvatiyaya xorvat vizası olmadan səfər edə bilərlər.

Hava nəqliyyatı imkanları: Azərbaycanla Xorvatiya arasında birbaşa hava əlaqəsi mövcud deyildir. Xorvatiyaya səfər etmək niyyətində olan Azərbaycan Respublikası vətəndaşları Bakı-İstanbul-Zaqreb, Bakı-Vyana-Zaqreb, Bakı-Belqrad-Zaqreb və s. uçuşları alternativ olaraq seçə bilərlər..

Azərbaycanla vaxt fərqi:  Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında zaman fərqi +3 saat təşkil edir. Yəni Xorvatiya Azərbaycandan 3 saat geri qalır.

İqlim: Xorvatiya Respublikasının şimalında kontinental, mərkəzində dağ iqlimi və cənub bölgəsində isə Aralıq dənizi iqlimi mövcuddur. Qışda temperatur kontinental ərazilərdə           -10°C-yə, dağlıq ərazilərdə -5°C-dən +5°C-yə, dənizsahili bölgələrdə isə 0°C-dən +10°C-yə çatır. Yayda isə dənizsahili bölgələrdə +25-30°C, dağlıq ərazilərdə +15-20°C və kontinental ərazilərdə isə +25°C təşkil edir.

Milli valyuta:  Xorvatiya Kunasının Avroya və ABŞ dollarına olan məzənnəsi demək olar ki sabitdir. Orta məzənnə 1 avro=7,6 kuna və 1 ABŞ dolları=7 kuna təşkil edir. Ölkədə yalnız yerli valyutadan istifadə edilir. Yerli valyuta dəyişmə məntəqələrində valyuta mübadiləsi həyata keçirilən zaman pasportun təqdim edilməsi vacibdir. Yerli qanunvericiliyə əsasən Xorvatiya Respublikasına maksimum 10000 (on min) avro və ya qeyd edilən miqdarın ekvivalenti qədər xarici valyuta gətirilməsinə icazə verilir.

Əlavə məlumat əldə edilməsi üçün Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi haqqında aşağıdakı məlumatları diqqətinizə təqdim edirik:

 

Ünvan: Srebrnjak 104, Zaqreb şəhəri

İş vaxtı: Bazar ertəsi - cümə 09:00-18:00

Telefon: +385 1 643 89 00

 

Elektron poçt ünvanı: zagreb_mission@mfa.gov.az